HEYDƏR ƏLİYEV



BMT Baş Məclisinin 49-cu sessiyasında çıxış

BMT Baş Məclisinin 49-cu sessiyasında çıxış

Hörmətli cənab sədr!
Hörmətli cənab baş katib!
Xanımlar və cənablar!

Hər şeydən əvvəl icazə verin, BMT Baş Məclisi 49-cu sessiyanın sədri vəzifəsinə seçilməsi münasibətilə Amar Essi cənabları təbrik edim və ona fəaliyyətində uğurlar arzulayım. Həmçinin ötən sessiyanın sədri cənab Samuel İnsanelliyə də gördüyü işə görə təşəkkürümü bildirmək istəyirəm.


BMT-nin baş katibi, zati-aliləri Butros Qali cənablarına bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş yorulmaz səylərinə görə dərin təşəkkürümü bildirirəm.


Mən öz tarixinin çətin dövrünü yaşayan gənc dövlərimizin problemlərinə diqqətlə yanaşdığına görə ona xüsusən minnətdaram.


Xanımlar və cənablar!


Ən mötəbər beynəlxalq məclisin tribunasından sizin qarşınızda həyacan və qürur hissi ilə çıxış edirəm. İlk dəfədir ki, müstəqil Azərbaycanın Prezidenti Dünya Birliyi tərəfindən tanınmış və bərabər hüquqlarla onun tərkibinə daxil olmuş öz ölkəsini Dünya Birliyinə təqdim edir.


Azərbaycan xalqı əsrlərlə azadlığa can atmışdır. Sovet İttifaqı dağıldıqdan sonra o, milli müstəqillik qazanmışdır. Bizim respublikamız qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutmuşdur. Bütün bunlar mürəkkəb prosesdir, bir günün işi deyil, lakin biz qarşıya qoyulmuş məqsədə doğru ardıcıl surətdə irəliləyirik və qısa bir dövr ərzində çox işlər görülmüşdür, hüquqi demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbəycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər.


Siyasi dəyişikliklər ölkənin demokratikləşdirilməsi, bazar münasibətlərinə keçidi təmin edən dərin iqtisadi islahatlar aparılması üçün şərait yaratmışdır. Biz sərbəst sahibkarlığın inkişafını, şəxsi təşəbbüskarlığı hər vasitə ilə təşviq edirik, ümumbəşəri sərvətlərə əsaslanan dünya təcrübəsindən, sivilizasiyalı, çiçəklənən demokratik cəmiyyət quruculuğunda böyük uğurlara nail olmuş qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə edərək genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsinə başlayırıq.


Biz bir çox dövlətlərin böyük marağını doğuran ərazidə - Avropa və Asiyanın mühüm coğrafi-siyasi qovuşuğunda yerləşərək, geniş təbii ehtiyatlara və böyük sənaye potensialına malik olaraq, Azərbaycan xalqının qəti əzminə və inamına arxalanaraq öz müstəqilliyimizin möhkəmləndirilməsinə və demokratik islahatların, bazar islahatlarının həyata keçiriməsinə doğru yönəldilmiş bu strateji xətti aparırıq. Bu gün mən bu yüksək tribunadan qətiyyətlə bildirirəm ki, heç kəs Azərbaycan xalqını tutduğu yoldan geri çəkilməyə məcbur edə bilməz və biz ölkəmizin gələcəyinə nikbinliklə baxırıq.


Bizim nikbinliyimiz dünyada baş verən tarixi proseslərlə, beynəlxalq münasibətlər sistemindəki ciddi dəyişikliklərlə də bağlıdır. Şübhəsiz ki, artıq hərbi cəbhələşməni və ideoloji qarşıdurmanı əvəz etməkdə olan bərabərhüquqlu dünya qaydası beynəlxalq münasibətlər sisteminin gələcək əsasını təşkil edəcəkdir. Beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə və müddəalarına uyğun olaraq tərfədaşlıq, möhkəm sülh və hamı üçün təhlükəsizlik yeni dünya qaydasının fundamental prinsiplərinə çevrilir. Biz zor işlədilməsinə əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə aparan tunelin axırında işıq görürük və bu yol ilə birlikdə, dünyanın bütün ölkələri və xalqları ilə əl-ələ verib getməyə hazırıq.


Lakin bəşəriyyət qarşısında duran təhlükələr hələ heç də tamamilə aradan qaldırılmamışdır. Hələ də köhnə stereotiplər mövcuddur, on illərlə davam etmiş qarşıdurma dövrü ərzində yığılıb qalmış çoxsaylı problemlər, xüsusən tərksilah, kütləvi qırğın silahının məhv edilməsi sahəsindəki problemlər aradan qaldırılmamışdır. İqtisadi imkanları müxtəlif olan dövlətlərin qarşılıqlı münasibətləri də əvvəlki kimi, yenə də keçmişin bəlalarına düçar olmuşdur. Zaman ekoloji təhlükələr, əhali və inkişaf problemləri ilə əlaqədar bizi yeni-yeni sınaqlara çəkir.


Köhnə dünya qaydasının pozulmasının reallıqlarına çevrilmiş azğın millətçilik və separatçılıq Qafqazı, Balkan yarımadasını, Yer kürəsinin başqa nöqtələrini od-alova və qana bürüyən münaşiqələr doğurmuşdur. Bu münaşiqələr nəinki müstəqil dövlətlərin inkişafını ləngidir, hələ möhkəmlənməmiş demokratik cəmiyyətlərin varlığı üçün qorxu yaradır.


Buna görə də cəbhələşmədən sonrakı dünyada nüfuzlu beynəlxalq təşkilatların, böyük dövlətlərin üzərinə xüsusi məsuliyyət düşür. Onlar öz siyasi sanbalından, iqtisadi, maliyyə və hərbi imkanlarından istifadə edərək münaqişələrin aradan qaldırılmasına, Yer üzünün bütün guşələrində sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə öz potesialını daha fəal yönəltməlidirlər.


Gələn il özünün 50 illiyini qeyd edəcək Birləşmiş Millətlər Təşkilatı, bir sıra münaqişələrin və böhran vəziyyətlərinin aradan qaldırılmasında təcrübəyə malik olan Təhlükəsizlik Şurası yeni dünya qaydasının qurulmasında, şübhəsiz ki, aparıcı yol oynayır. Lakin Təhlükəsizlik Şurası qarşısında hələ çətin sınaqlar durur: yeni şəraitdə öz səmərəli fəaliyyətini Dünya Birliyinə sübut etmək. Bu gün Təhlükəsizlik Şurası öz qətnamələrini təminatlı şəkildə yerinə yetirilməsinə nail olmaqla həmişəkindən daha çox əzmkarlıq göstərməlidir. Ümid edirik ki, Şuranın tərkibinin genişləndirilməsi onun möhkəmləndirilməsinə kömək edəcəkdir. Biz Baş Məclisin roluna böyük əhəmiyyət veririk. Bu rolu hər şeydən əvvəl onda görürük ki, qarşılıqlı güzəştlərə və mənafelərin tarazlığına əsaslanan qərarlar qəbul edilərkən dövlətlərin ən sıx qarşılıqlı fəaliyyəti təmin edilsin. İndiki şəraitdə BMT Baş katibinin öz səlahiyyətlərindən səmərəli istifadə etməsinin, habelə beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində Baş katib ilə birlikdə məsuliyyət daşıyan üzv dövlətlərin ona göstərməli olduqları köməyin əhəmiyyəti də artır.


Bütövlükdə Azərbaycan Respublikası gələcək üçün BMT-nin perspektivlərini nikbinliklə qiymətləndirir və bundan sonra da Bİrləşmiş Millətlər Təşkilatının yüksək prinsiplərini müdafiə etmək, təşkilatın nüfuzunun və səmərəsinin artırılmasına nail olmaq əzmindədir.


Hörmətli xanımlar və cənablar!

Sizin bir çoxunuza "müharibə", "silahlı münaqişə" məfhumları xöşbəxtlikdən, tarixi və ya evinizdən uzaqda baş verən hadisələri xatırladırsa, mənim xalqım üçün bu, amansız reallıq, qanlı-qadalı adi günlərdir.


Altı ildir ki, Azərbaycan torpağını müharibə alovu bürüyüb. Ermənitsan Respublikası Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənlərin etnik qrupunun öz müqəddərıtını təyin etmək hüququnu reallaşdırıması bəhanəsi ilə dövlətimizin ərazilərinin ilhaqı, onun dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsi və azərbaycanlı əhalinin öz doğma ev-eşiyindən qovulması planlarını açıq-aşkar həyata keçirir.


Bütün bunlar xalqların öz müqəddərıtını təmin etməsi hüququnu əsassız olaraq hər hansı bir etnik icmanı öz müstəqilliyini özbaşına elan etmək və başqa dövlətin tərkibinə daxil olmaq hüququ kimi yozulması ilə pərdələnir. Öz müqəddəratını təyin etmək hüququnun bu cür yozulması dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə kəskin ziddiyyət təşkil edir. Bu hüququ mütləqləşdirmək sahəsində hər-hansı bir cəhd amansız münaqişələrə gətirib çıxarır. Biz regionumuzda və planetimizin başqa guşələrində bunun şahidi olmuşuq.


BMT-nin baş katibi cənab Butros Qali də bu məsələ ilə əlaqədar öz narahatlığını bildirmişdir: "Əgər hər bir etnik, dini və ya linqvistik qrup dövlətçilik tələb etsə, onda bölgünün həddi olmayacaq və dünyada sülhün, təhlükəsizliyin və iqtisadı firavanlığın əldə edilməsi daha çətin olacaqdır".


Mən hörmətli Butros Qalinin belə bir fikri ilə də tam şərikəm ki, "təşəkkül tapmış beynəlxalq sistem çərçivəsində xalqların öz müqəddəratını təyin etməsi və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və mühüm olan məsələləri bir-birinə ziddiyyət təşkil etməsinə yol vermək olmaz".


Regionumuzda baş verən hadisələr haqqında dünya ictimayyətinin kifayət gədər məlumatı oduğunu bilərək sizi real vəziyyətlə qısaca tanış etmək istərdim. Ermənistan Respublikası Azərbaycanın Dağlıq Qarabağ regionunun ərazisində güclü qoşun qruplaşması yaradaraq respublikamıza qarşı fəal döyüş əməliyyətları apamışdır. Şuşa şəhəri və Laçın rayonu işğal edildikdən sonra Dağlıq Qarabağın ilhaqı başa çatdırılmış, Dağlıq Qarabağda yaşayan təxminən 50 min azərbaycanlı oradan qovulmuşdur. Erməni silahlı birləşmələri Dağlıq Qarabağ platsdarmından istifadə edərək bundan sonra hücumun gedişində Azərbaycanın digər altı yaronu - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından Laçın rayonu kimi kənarda olan və sahəsi keçmiş vilayətin sahəsindən dörd dəfə çox olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını işğal etmişlər.


Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu Ermənistan Respublikasının silahlı güvvələri tərəfindən işğal edilmişdir. Mən Azərbaycan tərəfinin dəhşətli itkilərini sizə deməliyəm: 20 mindən çox adam həlak olumuşdur, 100 minə yaxın adam yaralanmış və xəsarət almışdır, 6 min adam əsir düşmüşdür, bir milyondan çox azərbaycanlı - ölkə əhalisinin təxminən 15 faizi qaçqın vəziyyətinə düşmüşdür və çadır şəhərciklərində yaşayır. Onlar öz Vətənində evsiz-eşiksiz qalmışlar, yayın istisindən, qışın soyuğundan, epidemiyalardan əzab çəkirlər, ən zəruri şeylərə ehtiyac duyurlar. Azərbaycanın işğal edilmiş ərazilərində 700 şəhər və kənd dağıdılmışdır. Həmin şəhər və kəndlərdə demək olar, bütün evlər, məktəblər, xəstəxanalar yandırılmış və talan edilmiş, qədim mədəniyyət abidələri məhv edilmişdir.


Zənnimcə, sübut etməyə ehtiyac yoxdur ki, belə bir vəziyyətdə biz "öz müqəddəratını təyin etmək hüququnu həyata keçirilməsi" ilə deyil, beynəlxalq hüququn kobudcasına pozulması ilə, BMT üzvü olan dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı təcavüzlə qarşılaşmışıq.


Müharibə xalqımı dözülməz vəziyyətə salıb, sosial gərginliyi gücləndirir, Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsinə yönədilmiş iqtisadi və siyasi islahatların həyata keçirilməsinə mane olur.


Müharibə naticəsində Azərbaycan xalqına milyardlarla Amerika dolları məbləğində çox böyük maddi ziyan vurulmuşdur. İnsan talelərinə vurulmuş mənəvi ziyan, xalqın dərd-bəlası isə heç nə ilə ölçülməzdir.


Bu gün təkcə Azərbaycanda deyil, dünyanın digər qaynar nöqtələrində də qan tökülür. Xalqlar müharibə gedən yerlərdə baş verən faciəli hadisələrə biganə qalmamalıdırlar. Silahlı münaqişələrin güclənməsinə yol verməmək, onların ədalətlə və qəti şəkildə aradan qaldırımasına nail olmaq üçün kollektiv səylərlə hər şey etmək lazımdır.


Xanımlar və cənablar!


Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar olaraq son iki il ərzində Təhlükəsizlik Şurasının 4 qətnaməsi və onun sədrinin 6 bəyanatı qəbul edilmişdir.


Bütün qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təsdiq edir, ərazi ələ keçirmək üçün zor tətbiq edilməsinin yolverilməzliyini qeyd edir, Azərbaycanın işğal edilmiş bütün rayonlarından bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasını qətiyyətlə tələb edir.


Lakin bütün bu qərarlara Ermənistan Respublikası hələ də qətiyyən məhəl qoymur. Bundan əlavə o, Azərbaycanın işğal edilmiş ərazilərində öz hərbi qüvvələrini artırmaqda davam edir.


Digər tərəfdən, Təhlükəsizlik Şurası da qəbul edilmiş qətnamələrin yerinə yetirilməsi mexanizmini işə salmamışdır. Belə bir sual meydana çıxır: Təhlükəsizlik Şurası nə dərəcədə ardıcıl və qətiyyətlidir, hər bir konkret halda onun səlahiyyətlərinin tətbiq dərəcəsi nə ilə müəyyən edilir?


Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməməsi BMT-yə qarşı işləyir və onun beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq kimi əsas vəzifəsini yerinə yetirmək bacarığına inamı poza bilər.


Regional münaqişələrin aradan qaldırılmasında toplanmış təcrübə göstərir ki, qətnamələrin yerinə yetirilməsi sahəsində səylər yalnız BMT Nizamnaməsi ilə nəzərdə tutulmuş qətiyyətli tədbirlərlə möhkəmləndirildikdə müvəffəqiyyət gətirir.


Beynəlxalq hüquq normalarını kobud surətdə pozan dövlət barəsində təsirli tədbirlər görmək çox nüfuzlu beynəlxalq təşkilatın Dünya birliyi qarşısında borcudur.


Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün göstərilən səylərlə biz ATƏM kimi nüfuzlu təşkilata da bel bağlayırıq. Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün ATƏM-in yaratdığı Minsk qrupu da işğal edilmiş bütün ərazilərin azad olunması və işğalçı qüvvələrin Azərbaycanın hüdudlarından tamamilə çıxarılması, onun suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət edilməsi zəruriliyinə əsaslanır.


Lakin ATƏM-in müvafiq mexanizmləri olmadığından onun çoxsaylı vasitəçilik səyləri, təəssüf ki, indiyədək hər hansı bir nəzərəçarpacaq konkret nəticələrə gətirib çıxarmamışdır. Bu gün biz yalnız bir müsbət nəticə əldə etmişik: Rusiya Federasiyasının və ATƏM-in Minsk qrupunun çox böyük səyləri bahasına və fəal vasitəçilik missiyası sayəsində münaqişə zonasında atəşkəs əldə olunmuşdur.


Dörd aydan çoxdur ki, atəş səsləri eşidilmir, qan tökülmür. Bütün bunları biz yüksək qiymətləndiririk. Lakin vəziyyət hər halda son dərəcə mürəkkəb olaraq qalır, atəşkəs olduqca kövrəkdir.


Ermənistan Respublikası Azərbaycanın işğal edilmiş ərazilərinin bir hissəsini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun müstəqillik statusu ilə dəyişdirmək kimi əsassız şərtlər irəli sürür. O, Azərbaycanın bu regionunuda öz hərbi qüvvələrinin qalmasını və Azərbaycanın Şuşa şəhəri və Laçın rayonu üzərində nəzərətinin saxlanmasını tələb edir ki, bu da əslində ərazilərimizin ilhaqının təsbit edilməsi deməkir.


Ermənistan münaqişənin başlanmasınadək Dağlıq Qarabağda mövcud olmuş demoqrafik vəziyyətin bərpasını və azərbaycanlı əhalinin oraya qaytarılmasını, o cümlədən Azərbaycan mədəniyyətinin ən qədim mərkəzlərindən biri olan Şuşaya qaytarılmasını tamamilə istisna edir.


Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədən, bu şərtlərlə beynəlxalq aralayıcı qüvvələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunun perimetri boyunca yerləşdirməyi təklif edərək onları vəziyyətin konservasiyası alətinə, öz ilhaqçı siyasətinin girovuna çevirməyə cəhd göstərir.


Azərbaycan Respublikasının mövqeyi həmişə əməli mövqe olmuşdur və sulhsevər xarakter daşıyır. Bizə vurulmuş bütün ziyanlara baxmayaraq, biz beynəlxalq hüquq, ədalət və humanizm əsasında erməni tərəfinə sülh təklif edirik. Biz Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə zəmanət verməyə hazırıq. Biz regionda kommunikasiyaların, o cümlədən Dağlıq Qarabağ ilə Ermənistan Respublikası arasında humanitar dəhlizin normal işini qarşılıqlı əsasda bərpa etmək tərəfdarıyıq. Biz, lazım gələrsə, münaqişə zonasında beynəlxalq sülhpərvər qüvvələrin yerləşdirilməsinə razıyıq. Biz Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu da müzakirə etməyə hazırıq.


Lakin bizim üçün sarsılmaz normalar və prinsiplər də var - bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyüdür, işğal olunmuş bütün ərazilərin azad edilməsidir, qaçqınların öz doğma ocaqlarına, o cümlədən 50 min azərbaycanlı qaçqının Dağlıq Qarabağa - öz Vətəninə qaytarılmasıdır.


Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olaraq belə hesab edir ki, yalnız Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək yolu ilə təcavüzün nəticələrini aradan qaldıraraq, uzunmüddətli möhkəm sülhün bərqərar edilməsi və regionun bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə sabit və əməli danışıq prosesi aparmaq olar.


Həm də biz beynəlxalq normalara uyğun olaraq sülhpərvərlərin dəqiq mandata malik olması şərti ilə razılaşdırılmış sülh qərarlarının həyata keçirilməsinin təmin edilməsində Dünya Birliyinin köməyinə ümid bəsləyirik.


Biz atəşin kəsilməsi haqqında əldə edilmiş razılığı yüksək qiymətləndirərək başa düşürük ki, bu hələ sülh demək deyil, lakin atəşkəs tezliklə sülh əldə edilməsi üçün lazımi şərait yaradır. Biz sülh sazişi əldə edilənədək və silahlı münaqişəyə tamamilə son qoyulanadək atəşkəs rejiminə əməl etmək əzmində olduğumuzu dəfələrlə bildirmişik. Bu gün mən Birləşmiş Millətlər Təşkilatının yüksək tribunasından bunu bir daha bəyan edirəm.


Biz ATƏM-in Minsk qrupunun və Rusiya Federasiyasının sülhpərvər fəaliyyətini müdafiə edərək onların səylərinin birləşdirilməsinə tərəfdarıq, münaqişənin aradan qaldırılmasında birincilik uğrunda hər hansı bəhsləşmənin əleyhinə çıxırıq. Belə bəhsləşmə Azərbaycan və Ermənistan xalqlarının eyni dərəcədə ehtiyac duyduqları sülhün əldə edilməsini yalnız çətinləşdirə bilər.


Azərbaycanın işğal olunmüş bütün ərazilərinin tamamilə azad edilməsi barədə tələblərimiz hüquqa uyğun tələblərdir, onlar BMT Təhlükisizlik Şurasının qətnamələrinə tamamilə uyğundur. Hər hansı bir rayonun ilhaqına cəhd göstərilməsi bizim üçün məqbul deyil və beynəlxalq hüquq normalarına ziddir.


Müharibəyə cəlb olunmağımız nəticəsində respublikada son dərəcə ağır humanitar vəziyyət yaranmışdır. Yeddi milyonluq ölkədə hər yeddi nəfərdən biri ev-eşiyi, işi, yaşamaq üçün vəsaiti olmayan qaçqındır. Qaçqınlar və köçkünlər misilsiz məhrumiyyətlərə düçar olaraq çadır düşərgələrində yaşayırlar. Amansız qış şəraiti, kifayət qədər qida, dava-dərman olmaması əhalinin ən imkansız olan bu qrupu arasında epidemiya və aclıq təhlükəsi yaratmışdır. Qaçqınlar ilə əlaqədar ekstremal vəziyyətin aradan qaldırılması Azərbaycan dövlətinin başlıca qayğılarından birinə çevrilmişdir.


Respublikamızın təcili çağırışına beynəlxalq təşkilatlar, bir sıra dövlətlər səs verdilər və biz Azərbaycana humanitar yardım göstərilməsində BMT proqramlarının ən iri donorları olan İsveç, Böyük Britaniya, Almaniya, Yaponiya, İsveçrə, Niderland, Danimarka hökumətlərinə ən səmimi minnətdarlığımızı bildiririk.


Biz, həmçinin ikitərəfli əlaqədar xətti ilə Azərbaycana xeyli humanitar yardım göstərən Türkiyənin, İranın, Səudiyyə Ərəbistanının və digər ölkələrin hökumətlərinə də minnətdarıq.


Biz Azərbaycanda qaçqınlara və köçkünlərə mühüm kömək göstərmiş BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, BMT-nin uşaq fonduna, "Hakimlər sərhəd tanımır" təşkilatına, çoxsaylı qeyri-hökümət təşkilatlarına da minnətdarıq.


Hörmətli xanımlar və cənablar!


Şərq və Qərb sivilizasiyasını vəhdət halında birləşdirən ölkəmizin coğrafi mövqeyindən, sosial-siyasi yönümündən və tarixi-mədəni ənənələrindən irəli gələn xüsusiyyətlər beynəlxalq münasibətlər sistemində mənim resbublikamın roluna və yerinə seciyyəvi təsir göstərir.


Məhz öz xüsusiyyətlərimizi başa düşərək və dəyişikliklərin irəli sürdüyü tələbləri nəzərə alaraq biz addım-addım irəliləyərək xarici dünya ilə əməkdaşlıq binasını ucaldırıq. Azərbaycan Respublikası beynəlxalq miqyaslı tanışlığı vaxtdan etibarən biz əksər ölkələrlə bərabər hüquqlu, tarazlaşdırılmış münasibətlər yaratmış və bir çox ümumdünya və regional təşkilatlara daxil olmuş, beynəlxalq münasibətlərimizin genişləndirilməsi, müəyyən səbəbərə üzündən itirilmiş əlaqələrin bərpa edilməsi üçün ciddi səylər göstərmişik.


Biz keçmiş SSRİ-nin ərazisində yaranmış müstəqil dövlətlərlə tarixi, coğrafi, iqtisadi və humanitar əlaqələrə xüsusi əhəmiyyət verərək, istər ikitərəfli münasibətlər əsasında, istərsə də Müstəqil Dövlətlər Birliyi çərçivəsində onlara, xüsusən Rusiya ilə bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdar çıxırıq.


Amerika Birləşmiş Ştatları, Böyük Britaniya Birləşmiş Krallığı, Fransa, Çin ilə Azərbaycanın dostluq əlaqələri müvəffəqiyyətlə inkişaf edir. Regionumuzun və yaxın regionların Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan kimi ölkələri ilə bizi sıx, mehriban qonşuluq telləri birləşdirir. Bu ölkələrlə biz İslam Konfransı Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edirik.


Bu ilin mayında NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına Azərbaycanın qoşulması onun siyasi həyatında mühüm hadisə oldu. Bu proqramda bizi ümumi təhlükəsizlik mənafeyi naminə əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlri cəlb edir.


Bu il Azərbaycan Respublikasına bloklara qoşulmamaq hərəkatında müşahidəçi statusu verilmişdir ki, bu da müxtəlif sahələrdə ikitərəfli əlaqələri qaydaya salmaq və həmin hərəkatın üzvləri olan ölkələrə mövqelərimizi yaxınlaşdırmaq üçün qarşımızda geniş imkanlar açır.


1992-ci ilin yanvarında gənc Azərbaycan dövlətinin Birləşmiş Millətlər Təşkilatına tam-hüquqlu üzv qəbul edilməsi onun təşəkkülü prosesində mühüm mərhələ oldu. BMT-yə daxil olan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığımızın miqyası həmin vaxtdan etibarən artır. Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə qarşılıqlı fəaliyyətimiz bizim üçün xüsusən dəyərlidir.


Dünyanın bu ən iri maliyyə təsisatları mütəxəssislərinin Azərbaycandakı əməli işi nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət daşıyan konkret layihələr müəyyənləşdirilmişdir.


Güman edirəm ki, beynəlxalq maliyyə təsisatları ilə əməkdaşlığımız üçün böyük imkanlar vardır. Biz Azərbaycan Respubikasının düçar olduğu faktiki mühəribə vəziyyəti ilə əlaqədar Beynəlxalq Valyuta Fondunun və Ümumdünya Bankının rəhbərlərinin ehtiyat etdiyini və narahatlıq keçirdiyini başa düşürük. Lakin eyni zamanda, Beynəlxalq Valyuta Fondu bizimlə müharibə aparan Ermənistana sabitləşdirmə krediti vermişdir. Belə hesab edirəm ki, bu məsələ də heç olmasa simmetrik münasibət tələb edir.


Biz bazar iqtisadiyyatı infrastrukturunun təşəkkül tapması, ölkəni müasir idarəetmə səviyyəsinə çıxarılması, qabaqcıl texnologiyaların tətbiqi sahəsində milli proqramların hazırlanmasını texniki yardım göstərilməsi işində BMT-nin inkişaf proqramında və BMT-nin ətraf mühitə dair proqramından çox şey gözləyirik.


Biz beynəlxalq iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət veririk və mən böyük məmnuniyyət hissi ilə sizə bildirmək istəyirəm ki, Azərbaycan Respublikası sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının birgə istismarı sahəsində bir sıra iri dünya şirkətlərinin konsorsiumu ilə 30 illik müqavilə imzalamışdır. Bu, uzun sürən çətin danışıqların yekunudur.


Bu iri iqtisadi tədbir bütün dünya üçün açıq olmaq siyasətimizin, iqtisadiyyatının sərbəstləşdirilməsi, xarici investisiyalarının cəlb edilməsi siyasətimizin sübutudur. Belə bir nadir müqavilənin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində, onun həyata keçirilməsində iştirak edən Azərbaycanın, ABŞ-nın, Rusiyanın, Böyük Britaniya Birləşmiş Krallığının, Türkiyənin, Norveçin, Səudiyyə Ərəbistanının xalqlarının və ölkələrin yaxınlaşmasına kömək edəcəkdir. Bu barədə danışarkən mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Dünya Birliyi ilə tamhüquqlu interqrasiyaya istiqamət götürmüşdür və bunun üçün bütün imkanlara malikdir. Buna görə də onun siyasəti sülhə əsaslanır və buna nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatına böyük ümidlər bəsləyirik.


Hörmətli xanımlar və cənablar!


Azərbaycan xalqı məni özünün gənc müstəqil dövlətinin Prezidenti seçərək mənə çox böyük etimad göstərmişdir və bu gün mən onun ən xoş arzu və diləklərini sizə çatdırmaq şərəfinə nail oldum.


BMT Baş Məslisinin bu yüksək tribunasını belə bir ümidlə tərk edirəm ki, siz xalqımın səsini eşidəcəksiniz, xalqımın səsi ürəklərinizə yol tapacaqdır.


Diqqətinizə görə minnətdaram.






SAYTLARA KEÇİD