HEYDƏR ƏLİYEV



Türkdilli dövlət başçılarının 3-cü zirvə toplantısında çıxış

Türkdilli dövlət başçılarının 3-cü zirvə toplantısında çıxış

Hörmətli dövlət başçıları!
Xanımlar və cənablar!

Bizə göstərilən qonaqpərvərliyə və zirvə görüşümüzü yüksək səviyyədə təşkil etdiklərinə görə hər şeydən əvvəl Qırğızıstan Respublikasının Prezidenti cənab Əsgər Akayevə və Qırğızıstan hökümətinə dərin təşəkkürümü bildirirəm.


Azərbaycan xalqı adından bu mötəbər məclisin iştirakçıları olan əziz və möhtərəm qardaşlarım - Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəli, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayevi, Türkmənistanın Prezidenti Saparmurad Niyazovu, Özbəkistan Respublikasının Prezndenti İslam Kərimovu ürəkdən salamlayıram, sizə və xalqlarınıza hörmət və ehtiramımı bildirir, səadət və firavanlıq arzulayıram.


Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, əsası 1992-ci ilin oktyabrında Ankarada qoyulmuş bu üçüncü Zirvə görüşümüz artıq gözəl bir ənənəyə çevrilmişdir.


Çox sevindirici haldır ki, Avroasiya məkanın xeyli hissəsini, böyük iqtisadi potensialı, insan potensialını birləşdirən ölkələrimiz müstəqil dövlətlər, dünya birliyinin bərabərhüquqlu üzvləri kimi artıq regional əməkdaşlığa başlayıblar.


Çoxəsrlik tarixi boyu dünya sivilizasiyası xəzinəsinə sanballı töhfələr vermiş, coğrafi yaxınlığı ilə, tarixi tale, mədəniyyət, adət-ənənə, din və dil birliyi kimi sarsılmaz tellər ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz sıx və səmərəli əməkdaşlıq üçün çox geniş imkanlara malikdirlər.


Ədəbiyyat və incəsənət, memarlıq, fəlsəfə və dəqiq elmlər sahəsində xalqlarımızın yetirməsi olan korifeylərimizin dahi əsərləri bütün bəşəriyyətin tərəqqisinə, onun mənəvi həyatına və maddi mədəniyyətinə böyük təkan vermişdir.


Bu yaxınlarda qardaş Türkiyə Respublikasında Şərq ədəbiyyatının və fəlsəfəsinin korifeylərindən biri, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubiley toplantılarında və Almatıda qazax xalqının ləyaqətli oğlu, görkəmli mütəfəkkir, filosof, şair Abayın 150 illiyinə həsr olunmuş bayram şənliklərində məmnuniyyətlə iştirak etdim. Bir daha qəti əmin oldum ki, İbn Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdumqulunun, Mahmud Kaşqarinin və Şərqin bir çox digər parlaq dahilərinin yaradıcılığı, "Dədə Qorqud", "Koroğlu", "Manas", "Alpamış" kimi ölməz dastanlar təkcə bizim qohum xalqlarımıza mənsub deyil, onlar həm də bütün bəşəriyyətin sərvətidir.


Mən çox şadam ki, bizim Zirvə görüşümüz "Manas" eposunun min illik yubileyi ilə üst-üstə düşür və bizdə, bu Zirvə görüşünün iştirakçıları olan dövlət başçıları, bütün qırğız xalqı ilə birlikdə türk aləmi üçün müqəddəs olan bir əsərin min illik ildönümünü azad Qırğızıstanın paytaxtı gözəl Bişkek şəhərində təntənəli sürətdə qeyd edirik.


"Manas" köləliyə qarşı çıxır, xalqın azadlığını, müstəqilliyini hər şeydən uca tutur, müqəddəs hesab etdiyi ata yurdunu yadelli işğalçıların tapdağından qorumaq üçün xalqı mübarizəyə çağırır, türk xalqlarının qardaşlığını məhəbbətlə tərənnüm edir.


Biz vacib problemlərimizin həll olunması üçün bir-birimizə kömək göstərməli, yardım əlimizi uzatmalıyıq, parçalanmanın və təklənmənin qarşısını almalıyıq, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibənin və silahlı münaqişələrin alovunu söndürməliyik.


Bütün bunlara görə mən bu görüşümüzə çox böyük əhəmiyyət verirəm. Belə görüşlərin daimi xarakter almasını ürəkdən alqışlayıam. Tarixi mənşəyimiz, qarşımızda duran məqsəd və problemlərin oxşarlığı, milli mənafelərimizin birliyi-bütün bunlar bizim strateji əməkdaşlığımızın etibarlı təməlidir və gələcəyimizə nikbin baxmağa imkan verir.


Yaşadığımız son illərdə Yer kürəsində böyük tarixi, geosiyasi dəyişikliklər baş vermişdir. Yaranmış yeni şəraitdə bizim qarşılıqlı əlaqələrimizi müstəqil, suveren əsaslar üzərində qurmaq üçün geniş üfüqlər açılır.


Ölkələrimizin keçirdiyi islahatları, dünya iqtisadi birliyi ilə bərabərhüquqlu inteqrasiyaya doğru atdığımız addımları nəzərə alaraq əməkdaşlığımızın bu sahəsini xüsusilə vacib sayıram. Ölkələrimizin zəngin təbii sərvətlərindən, çox böyük sənaye, kənd təsərrüfatı və intellektual potensialından səmərəli istifadə edərək, onları müasir texnologiyalarla zənginləşdirərək, yeni nəqliyyat-kommunikasiya sistemlərini yaradaraq biz XXI əsrin tələblərinə cavab verə biləcəyik və xalqlarımıza layiqli həyatı yaratmağa nail olacağıq.


Xəzəryanı dövlətlərin hər birinin energi ehtiyatı ilə zəngin olan öz sektoru və buradan irəli gələn bütün hüquqları və imkanları vardır. Biz bu imkanlardan istifadə edib, birgə çoxtərəfli layihələrin həyata keçirilməsində fəal əməkdaşlıq üçün geniş imkanlar açmaqla bərabər, bu sərvətlərdən qənaətlə və səmərəli istifadə etmək vəzifəsini də qarşımıza qoyur.


İri investisiya layihələri bizim enerji resursları ilə zəngin ökələrimizi dünya istehlakçıları ilə bağlamaq üçün müasir nəqliyyat və kommunikasiya sistemləri yaratmağa imkan verir.


Qarşılıqlı faydalı və bir-birini tamamlayan iqtisadi əməkdaşlıq üçün ümumi məkan yaratmaq və Mərkəzi Asiyadan çəkiləcək neft və qaz kəmərlərini Türkiyəyə, oradan isə dünya bazarına çıxarmaq xalqlarımız arasında əməkdaşlığı daha da möhkəmlədə və müstəqil dövlətlərimizin çiçəklənməsinə xidmət edərdi.


Bu mötəbər məclisdə təmsil olunan bir sıra qardaş dövlətlər kimi Azərbaycan da müəkkəb keçid dövrünü yaşayır. Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini elan edən Azərbaycan demokratik hüquqi dövlət quruculuğu, radikal bazar islahatlaının həyata keçirilməsi yolunu tutmuşdur. Bu cür tarixi dövrə xas olan obyektiv çətinliklərə bazmayaraq biz atıq bu yolda bir sıra müvəffəqiyyətlər əldə etmişik.


Əsrlər boyu öz azadlığına nail olmaq üçün mübarizə aparmış xalqımızın iradəsinə söykənərək müstəqil dövlət quruculuğuna inamla irəliləyir.


Bu gün biz öz taleyimizin və sərvətlərimizin sahibiyik. Qısa dövr ərzində Azərbaycanda siyasi plüralizm, insan, söz, mətbuat, vicdan azadlığı bərqərar olunmuşdur. Milliyətindən, dilindən, dinindən, siyasi baxışlarından asılı olmayaraq insan hüquqları Azərbaycanda etibarlı surətdə qorunur.


40-dan çox siyasi partiya, 400-ə yaxın müstəqil qəzet, 30-dan çox informasiya agentilkləri və teleşirkətlər tam sərbəstlik şəraitində fəaliyyət göstərir.


Biz dövləti zor işlətməklə devirməyə yönəldilmiş bir sıra antikonstitusion cəhdlərin qarşısını aldıq. Respublikanın daxilində ictimai-siyasi stabilliyi bərqərar etdik. Köklü demokratik islahatları həyata keçirmək üçün gördüyümüz tədbirlər bütün Azərbaycan xalqı tərəfindən inam və qətiyyətlə dəstəklənir. Buna görə də istiqlaliyyət yolundan bizi sapındırmaq mümkün deyil.


Biz bu ilin noyabr ayının 12-də çoxpartiyalı sistem əsasında ilk azad demokratik parlament seçkiləri keçirmək barədə qərar qəbul etmişik. Respublikada seçkilərə geniş hazırlıq işləri gedir. Əminəm ki, bu parlament seçkiləri Azərbaycanda demokratik ənənələrin bərqərar edilməsi yolunda mühüm addım olacaqdır. Elə həmin gün də biz müstəqil Azərbaycanın ilk demokratik konstitusiyasını ümumxalq referendumu yolu ilə qəbul edəcəyik. Bu hadisələr Azərbaycan tarixində yeni parlaq səhifə olacaq və gələcək nəsillərin xoşbəxt həyatını təmin edəcəkdir.


Biz azad bazar münasibətlərini yaradaraq bəabərhüquqlu tərəfdaş kimi dünya iqtisadiyyatına inteqrasiya olunmaq üçün ciddi iqtisadi islahatlar aparırıq. Kənd təsərrüfatı sahəsində islahatlar artıq müvəffəqiyyətlə həyata keçirilir. Özəlləşdirmə proqramı qəbul olunub və yaxın zamanlarda dövlət mülkiyyətinin genişmiqyaslı özəlləşdirilməsi həyata keçiriləcəkdir.


Dünyanın iri neft şirkəttərinin təmsil olunduğu konsorsium ilə bağlanmış məşhur "Əsrin müqaviləsi" imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycana məxsus olan sektorunda enerji ehtiyatlarının istismarı üzrə uzunmüddətli beynəlxalq əməkdaşlıq sürətlə inkişaf edir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu müqavilədə qardaş Türkiyə Respublikasını təmsil edən neft şirkətləri də fəal iştirak edir.


Bununla bərabər, Azərbaycan Respublikası öz dövlət quruculuğu yolunda ciddi maneələrlə də üzləşir. Yeddi ildən bəri Ermənistan Respublikası Azərbaycana qarşı hərbi təcavüz edib, qanlı mühaibə törədibdir. Bu təcavüz nəticəsində Azərbaycanın torpaqlarının iyirmi faizdən çoxu işğal olunub, bir miyondan çox vətəndaşımız işğal olunmuş torpaqlardan qaçqın düşüb və indi ağır şəraitdə çadırlarda yaşayır.


Xalqımızın güzəranına mənfi təsir göstərən amillərdən biri də odur ki, Emənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sənaye və kənd təsərrüfatı müəssisələrimiz, sosial obyektlərimiz və mədəniyyət abidələrimiz, taxıl zəmilərimiz, pambıq plantasiyalarımız, üzüm bağlarımız işğalçılar tərəfindən yandırılmış, viran edilmişdir.


Böyük itkilərə və qurbanlara baxmayaraq biz bu münaqişənin sivilizasiyalı siyasi yollarla, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, onun Minsk qruppu çərçivəsində həll olunmasına, regionda ədalətli beynəlmiləl qanunlara söykənən sülhün və əmin-amanlığın bərqərar edilməsinə çalışırıq. Lakin məsələnin siyasi yolla həll olunması üçün ermənilər öz qoşunlarını Şuşa və Laçın da daxil olmaqla Azərbaycanın işğal edilmiş bütün torpaqlarından çıxarmalıdırlar.


Azərbaycan müharibə etmək istəmir. Biz torpaqlarımızın müdafiəsinə qalxmışıq, Ermənistanın hərbi təcavüzünə qarşı, respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparırıq. Biz dünyanın bütün dövlətləri tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normalarına hömət qoyulmasını, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını tələb edirik. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, İslam Konfransı Təşkilatının erməni təcavüzünü pisləyən və erməni işğalçı qoşunlarının işğal olunmuş bütün torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin həyata keçirilməsini tələb edirik.


Sevindirici haldır ki, keçən ilin may ayında əldə edilmiş atəşkəs barədə sazişə artıq on beş aydır ki, riayət olunur. Biz dəfələrlə bəyan etmişik və bir daha bildiririk ki, ədalətli və möhkəm sülhə nail olunana qədər atəşkəs rejiminə sadiq qalacağıq. Eyni zamanda hesab edirik ki, yaranmış vəziyyət - "Nə müharibə, nə sülh" şəraiti əbədi olaraq davam edə bilməz. Müharibəyə son qoyulmalı və işğal edilmiş Azərbaycan torpaqları tezliklə azad olunmalıdır.


Füsətdən istifadə edərək mən sizə, bu Zirvə görüşündə iştirak edən dövlət başçılarına müraciət edirəm ki, öz imkanlarımızdan istifadə edərək bu münaqişəni tezliklə həll etməyə səy göstərəsiniz. Azərbaycan ərazi bütövlüyünü təmin etməyə və bir milyondan çox qaçqını öz doğma yurd-yuvalarına qaytarmağa əlinizdən gələn köməyi bizdən əsirgəməyəsiniz.


Bütün ölkələrin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını qorumaq, dünyanın bir çox regionlarında axır zamanlarda geniş surətdə yayılmış separatizmə və terrorizmə qarşı ciddi mübarizə aparmaq, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsiplərinə riayət etmək, onları fəal surətdə həyata keçirmək hər birimizin və hamımızın müqəddəs borcudur.


Əziz və möhtərəm qardaşlar!


Türksoy proqramı çərçivəsində etdiyimiz əməkdaşlıq xalqlarımızın həyatında, mədəniyyətində böyük əhəmiyyət kəsb edir. "Manas"ın min illiyinə və Abay Kunanbayevin 150 illiyinə həsr edilmiş təntənəli yubiley məasimləri də bu əməkdaşlığın bir qoludur.


Bildiyiniz kimi, YUNESKO-nun qərarı ilə bu il Şərqin böyük mütəfəkkiri, Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi də bütün dünyada geniş surətdə qeyd olunur. Artıq Ankarada, Moskvada bu bayramlar keçirilib, ilin axırında isə Parisdə, YUNESKO-nun baş qərargahında keçiriləcəkdir.


Füsətdən istifadə edərək sizi Füzuli təntənələrinin Zirvə bayramına - Azərbaycanın paytaxtı Bakıya dəvət edirəm.


Xalqlarımız min illər boyu sıx əməkdaşlıq etmiş, qarşılıqlı fəaliyyət göstərmiş, bir-biini zənginləşdirmişlər. Yeni dövrdə, yeni şəraitdə bu əməkdaşlığın dirçəldilməsi hamımız üçün böyük əhəmiyyət kəsb edir. Bu köklər, bu əsaslar xalqlarımızın ən müqəddəs arzularının çiçəklənməsinə geniş imkanlar açır, onların sülhə, tərəqqiyə doğru inamla getməsinə gözəl şərait yaradır.


Mən inanıram ki, bir çox ağır sınaqlardan keçmiş, bu yolda həm itkilərin acısını dadmış, həm də dirçəliş sevincini duymuş xalqlarımız çoxəsrlik ümidlərini həyata keçirəcək, XXI əsrə öz şanlı əcdadlarının layiqli övladları kimi qədəm qoyacaqlar. Bu bizim ümidimiz, bu bizim vəzifəmiz, bu bizim borcumuzdur.


Diqqətinizə görə təşəkkür edirəm.



SAYTLARA KEÇİD